© 2016 VAHİD MUSTAFA YEV. Allah hamının ürəyincə versin!

VAHID MUSTAFAYEV: "BIZ ANS OLARAQ HƏMIŞƏ MÜSTƏQIL IŞLƏMIŞIK"

November 25, 2016

 

 

BBC Beynalxalq Xəbər Xidməti ANS-i 25 illik münasibəti ilə təbrik etdi və Vahid Mustafayevdən müsahibə götürdü! ANS Şirkətlər Qrupunun prezidenti BBC-yə müsahibəsində kanalın bağlanması səbəblərindən, Azərbaycanda media azadlığından və gələcəyə ümidlərindən danışıb.

- ANS-i nə üçün bağladılar?


- Bu, düzünü desəm, bizim özümüz üçün də müəmma olaraq qalıb. Baxmayaraq ki, artıq bir neçə məhkəmələrdən keçmişik və bununla yenə də məşğul oluruq. Dövlət və rəsmi mövqeyi siz, yəqin ki, bilirsiniz, onu təkrarlamaq istəmirəm. Amma biz heç bir yerli və yaxud beynəlxalq qanunları pozmamışıq və bu gün də çalışırıq ki, bunu bütün mövcud olan qanuni yollarla sübut edək. Proses davam edir, bu, kiçik bir proses deyil; yəni tək Azərbaycanda baş verən proses deyil, bu, demək olar ki, Türkiyədə, ümumiyyətlə, regionda baş verən prosesdir. Biz də qəfildən onun bir hissəsi olmuşuq. Lakin ümidvarıq ki, bu məsələ yaxın zamanlarda həll olunacaq. Biz də ANS olaraq həmişəki kimi üzüaçıq və başımız dik, öz tamaşaçılarımızın qarşısına çıxacaq və fəalliyyətimizi davam etdirəcəyik, inşallah.
 

- Siz qlobal prosesləri qeyd etdiniz və dediniz ki, region da onun parçası olub - konkret olaraq kimi günahkar görürsünüz - müxbirinizi, Fəthullah Güləni, yoxsa Azərbaycan hökumətini? Sizcə, ANS-in bağlanmasının arxasında kim, yaxud hansı səbəblər durur?

 

- Mən belə başa düşürəm ki, bu məsələdə bizi günahkar hesab edirlər. Biz 25 ildir ki, Azərbaycan xalqı ilə bir yerdə respublikamızın, vətənimizin çiçəklənməsini və müstəqil ölkə olmasını istəmişik. Bu yolda, yəqin ki, bizim də balaca bir zəhmətimiz var. Bu gün məhz müstəqil respublikamızın qanunları çərçivəsində biz inanırıq ki, bu məsələ bizim üçün pozitiv həllini tapacaq və bunun nəticəsində biz fəaliyyətimizi davam etdirəcəyik. Bu məsələ indi Türkiyədə də gündəmdədir, Azərbaycanda da, hətta bildiyimə görə, Orta Asiya ölkələrinin bəzilərində də bu məsələlər gedir. Bu nöqteyi-nəzərdən bunu regional - böyük bir məsələ hesab edirəm. Biz, sadəcə, öz jurnalist vəzifəmizi yerinə yetirirdik. Bir daha qeyd etmək istəyirəm ki, Fəthullah Gülənin mətbuat konfransında iştirak edən müxbirimizin heç bir materialı və anonsu efirimizdə getməyib. Bununla bağlı araşdırmalar davam edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə mən, nə digər təsisçilər – nə Seyfulla, nə Mirşahin, nə də ANS-in əməkdaşları bu gün hansısa cinayət işinin içindədir. Bizdən, sadəcə, izahat alıblar. Bu gün biz çalışırıq ki, özümüzün media fəaliyyəti ilə məşğul olaq, işimizə davam edək. Məsələn, milli animasiya studiyasında animasiyalar yaradırıq, Qarabağ müharibəsi haqqında yeni bədii film üzərində işləyirik, yəni işlərimiz var, çoxdur. Amma sözsüz ki, hər şeydən əvvəl gözləyirik ki, inşallah, bizim məsələmiz pozitiv çözüləcək və biz yenidən efirə qayıdacağıq.

 

- Yəni ANS-in yenidən açılacağına ümidiniz var?

 

- Sözsüz... Bütün Azərbaycan xalqının da ümidi var, mən də ümidvaram ki, dövlətdə də bizim televiziyamızın açılmağını istəyirlər.

Bilirsiniz ki, ANS bir neçə dəfə bağlanıb, açılıb. Və sonuncu dəfə 2006-cı ildə olmuşdu və onda cənab prezident İlham Əliyev bu işə müdaxilə etdi, bizim televiziyanı açdılar və biz yenidən qayıtdıq! Həmişə də ona minnətdar olmuşuq. Bu gün bu məsələ daha qlobal olduğundan, fikrimcə, bunu belə lokal şəkildə həll etmək olmur. Ona görə də bu, bir növ regional, beynəlxalq səviyyədə həll olunmaqdadır. İnşallah, müsbət həll olacaq.

 

- Siz indi dediniz ki, dövlətdə də ANS-in açılmasını istəyirlər və vaxtilə dediniz, o məsələyə Prezident tərəfindən müdadilə olunub sizin xeyrinizə. Siz Azərbaycan Prezidenti İlham Əliyevi hər zaman "İlin adamı" elan etmisiniz. Buna əsaslanaraq demək olar ki, hakimiyyətə kifayət qədər loyal mövqedə olmusunuz. Bəziləri sizi hətta bu addıma görə, qınayıblar. Bax, indi siz hakimiyyətdən, Prezidentdən umduğunuz dəstəyi alırsınızmı?

 

- Bilirsiniz, mən bu məsələni siyasiləşdirmək istəməzdim. Azərbaycan da bu il müstəqilliyinin 25 illiyini təntənəli şəkildə qeyd etdi. Biz hamımız xalq olaraq çalışmışıq ki, bizim müstəqil ölkəmiz olsun, müstəqil qanunlarımız olsun, heç bir imperiyanın tərkibində olmayaq. Bu gün, sözsüz ki, bizim müstəqil ölkəmiz, dövlətimiz var. Bu ölkə Azərbaycana, azərbaycanlılara məxsusdur. Sözsüz ki, mən öz ölkəm haqqında pis heç nə deyə bilmərəm, ən azı ona görə ki, mən ölkəmin azadlığı, müstəqilliyi uğrunda vuruşmuşam, qan tökmüşəm, qurban vermişəm; mən Vətənimi sevirəm və ömrümün axırına qədər də ona qulluq edəcəyəm. O ki qaldı "İlin adamları" və s., hər bir ilin adamı seçiləndə bu böyük bir komissiya tərəfindən seçilən Adam olub və mən şəxsən deyə bilərəm ki, hər bir nominant həmin ilə görə doğrudan da layiqli nominant olub. Ona görə bir çox adam səs verib və mən özüm də şəxsən bu prosesdə iştirak etmişəm. Düşünmürəm ki, belə məsələlər sosial şəbəkələrdə hansısa bir neqativ ifadələr, təsvir yarada bilsin. Biz öz fəaliyyətimizi 25 il xalqın qarşısında, bütün dünyanın gözləri qarşısında aparmışıq, şərəflə işləmişik, çalışmışıq, bütün Qarabağ müharibəsini, müasir Azərbaycanın video-antologiyasını biz çəkmişik və biz bununla fəxr edirik. Bu gün mənə desələr ki, bu həyatı yenidən yaşasan, nəyi dəyişərsən, mən heç bir şeyi dəyişmərəm. Mən yenə güllə altında, öz Vətənim uğrunda, onun müstəqilliyi uğrunda işləməyə hazıram. İnşallah, bu imkanı bizə Azərbaycan verəcək. Biz çalışacağıq ki, bundan sonra da öz xalqımıza, Vətənimizə qulluq edəcəyik.

 

- Bir çoxları ANS-in bağlanmasına təəssüfləndi və bunu media azadlığına basqı hesab etdi. Sizcə, Azərbaycanda indi media azadlığı varmı?

 

- Bu məsələ ilə bağlı mən əlavə bir şey demək fikrində deyiləm. Mətbuatın azadlığına gəldikdə, mən özümüz haqqında danışa bilərəm. ANS tam müstəqil işləyirdi. Bizim üçün nə qadağa var idi, nə də senzura. Özü də ANS balaca bir qurum deyildi. Bu iri media holdinq idi – bu televiziya, bu radio, bu informasiya agentliyi idi, bu internet portalları idi. Bu gün ANS-in fəaliyyətdə olmadığına baxmayaraq, bilirsiniz ki, ANS-in lisenziyası alınıb - mən özümüzün indiki fəaliyyəti barədə, sözsüz ki, heç bir şey deyə bilmərəm. Bu fəaliyyət sadəcə olaraq dayandırılıb. Amma biz fəaliyyət göstərəndə heç bir məhdudiyyətimiz yox idi. Elə bizim bağlanmağımız da onu göstərir ki, biz tamamilə müstəqil şəkildə fəaliyyət göstərirdik, belə deyək, senzura altında deyildik. Belə bir şey olsaydı, yəqin ki, bizi bağlamazdılar. Amma mən sadəcə olaraq özümüz haqqında danışa bilərəm. Bilirsiniz, mən hansısa mövcud media qurumların haqqını tapdamaq istəmirəm və onlar haqqında nəsə deməyə, haqqım çatmır. Amma özümüz haqda mən sizə dediklərimin üstündə dayanıram. Biz ANS olaraq həmişə müstəqil işləmişik, heç vaxt da başımızın üstündə nə senzura olub, nə kimlərsə bizə hansısa işləri görməyə əmr edib və sair.

 

- ANS-in bağlanması qərarı ilə bağlı bundan sonra hansı addımları atmaq fikrindəsiniz? Avropa Məhkəməsinə müraciət edəcəksinizmi?

 

- Bayaq dediyim kimi, bizim 25 il Azərbaycan xalqının uğrunda vuruşduğu müstəqil ölkəmiz var və bu müstəqil ölkəmiz bizim fəxrimizdir. Bu ölkəmiz uğrunda bizim qardaşlarımız, dostlarımız həlak olub. Bizim özümüzün də bədənimiz tikə-tikədir, yaradır. Mən düşünürəm ki, Azərbaycan Respublikasının qanunları çərçivəsində biz hər şeyi edirik ki, bu olaylardan üzüaçıq və başı dik çıxaq. İnşallah, belə də olacaq. Ona görə ki, biz 25 il Azərbaycan xalqına qulluq etmişik, indi də qulluq edirik, bundan sonra da qulluq etməyə hazırıq, amma biz heç vaxt öz vətənimizi və dövlətimizi düşmən və yaxud hansısa cəbhədə tək qoymaq fikrində deyilik. Məsələn, yadınızdadırsa, aprel hadisələri zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarına böyük bir hücum olmuşdu. Baxmayaraq ki, indi də 20-22 yaşımız yoxdur, amma biz yenə də ANS-in təmsilçiləri olaraq ön cəbhəyə atıldıq və Azərbaycan xalqına ən son, ən qaynar xəbərləri çatdırdıq; sabah da bunu etməyə hazırıq. Bu gün xəbər televiziyasının olması çox vacibdir ki, Azərbaycan xalqına məlumat versin. İndi bəzi bu media qurumlarının yazdıqlarını mən şərh etmək istəmirəm. Amma biz hamımız inanırıq ki, inşallah, bu məsələlər müsbət şəkildə bizim tərəfimizdə olacaq.

 

- ANS-in 25 yaşı tamam olur. Sizcə, bu illər ərzində izləyicilərinizə istədiyinizi və onların istədiyini verə bilmisinizmi?

 

- Mən bir az başqa cür deyərdim. Bu illər ərzində biz dinləyicilərimiz üçün, tamaşaçılarımız və oxucularımız üçün əlimizdən gələni etmişik ki, onlar hər bir şeydən xəbərdar olsunlar. Bunun keyfiyyəti barədə, yəqin ki, bizim auditoriyamız danışmalıdır. Amma biz, inanın Allaha ki, əlimizdən gələni eləmişik, canımızı qoymuşuq ki, Azərbaycan xalqı maarifçilik, xəbərçilik və ümumiyyətlə, məlumat nöqteyi-nəzərindən həmişə təchiz olunsun. Bu yolda biz heç nəyi əsirgəməmişik. Həmişə çalışmışıq ki, ən qaynar nöqtələrdən ən təzə məlumatlarıı öz xalqımıza çatdıraq. Ona görə də biz ABŞ-da, Gürcüstanda, Türkiyədə, Rusiyada, İranda, baxmayaraq ki, bu bizim üçün çox bahalı layihələr idi, biz öz müxbir məntəqələrimizi açmışdıq və oradan birbaşa məlumatlar verirdik. Biz fəxr edirdik ki, Azərbaycan xalqı xəbəri ilk mənbəyindən alırdı və bu bizim üçün jurnalist olaraq böyük bir fəxr idi.

 

- Yəni izləyicilər bu kanalla birlikdə nələri itirdilər?

 

- Mən deməzdim ki, izləyicilər bu kanalı itirdilər. Mən düşünürəm ki, araşdırmalar gedir və bu araşdırmalar müsbət sonluqla qurtaracaq, biz də fəaliyyətimizi davam etdirəcəyik. Mən əlimdən gələni edirəm ki, Azərbaycan xalqı, Azərbaycan dövləti ANS-ın simasında heç bir şey itirməsin və inşallah, heç bir şey itirməyəcək. Biz həmişəki kimi, Azərbaycan xalqına və dövlətinə qulluğumuzu davam etdirəcəyik.

http://www.bbc.com/azeri/azerbaijan-38103032

Share on Facebook
Share on Twitter
Please reload

Follow Us
  • Twitter Basic Black
  • Facebook Basic Black
  • Black Google+ Icon
Recent Posts
Please reload

This site was designed with the
.com
website builder. Create your website today.
Start Now